6.23.2007

Yüz faiz qadın

Mən ömrümdə belə diksinməmişdim. Üzümə taleyin qəfil zərbələri kimi şillə vursaydılar, inandırım, bir bu qədər şoka düşməzdim. Aman Allah! Anam qadın imiş!
Söhbətin nədən getdiyini deməmişəm, amma görürəm ki, artıq təəccübdən gözləriniz şişir, böyüyür və özüylə yanaşı sətirləri, hərfləri də böyüdür. Burda inanılmaz heç nə yoxdu. Bir dəqiqəlik gözlərinizi yumun və qurumuş mat-qutunuzu kiridin. Çünki əvvəl-axır başa düşməlisiz ki, adamın ağlına gəlməyən şeylər lap belə başının tən ortasına da düşə bilər. Elə mən də sizin kimi...
Yavaş-yavaş anamın cinsinə şübhə ilə yanaşırdım. Heç baş aça bilmirdim məni dünyaya gətirən bu adamdan. «Nə qadın kimi qadın, nə də kişi kimi kişidir» - deyə, vaxt tapan kimi fikirləşməyə başlayırdım. Bütün günü ev işləriylə məşğul olur, silir, süpürür, dadlı yeməklər bişirir, hərdən zövqlə bəzənib, harasa gedir, daha nə deyim, bütün evdar xanımlar kimi ev işlərinin öhdəsindən birə-beş gəlir. Amma elə ki axşam düşür, şər qarışır, yatmaq vaxtı gəlir, onda da mənə yalvarır – gəl mənimlə yat. Mən də keyfimin kəllə-çarxa çıxdığı vaxtlarda gedib qucağına girirəm, sifətimin itdən zərrə qədər fərqi olmadığı zamanlardasa, elə öz dar, narahat divanıma sığınıb yatıram. Ağlım işləyəndən-işləyənə də "əgər anam qadındırsa , niyə atamla yatmaq istəmir" - deyə hey götür-qoy edirəm.
Allahdan gizli deyil, sizdən nə gizlədim - əlimizin aşağı olan vaxtı da olur. Bir parça çörək tapıb yeyir, göydəkinə şükür edirik. Amma belə günlərdə anam əli ətəyindən uzun gəzməz. Qeyrət boğur onu, hər biri mən boyda olan addımlar atır. Fəhlə olub daş da daşıyır, zibilli şəhərin küçələrini də süpürür, arada qul bazarında yük daşıdığı da olur. Kişi xeylağı deyilən Allah bəndəsinin edə biləcəyi və bilməyəcəyi hər işin qulpundan yapışa bilir. Onda da başıma nəsə düşür, beynimdə nəsə qıcıqlanır və mən yenə də düşünməyə başlayıram: «Eee, kişidir, yoxsa..."
Bir-bir yadıma salıram bu arvadın elədiklərini. Bacarır! Adamın Allahı var - kişi işini də görür, qadın işini də. Gəl gör ki, çaş-baş qalıb beynim yatana qədər bu boş başımla elə hey fikirləşirəm, ortalığa bir zəhrimar çıxara bilmirəm – anam kişidir, ya arvad?..
Qadın kimi kişiyə tamah göstərməyən anam heç kişiləşib qadınlığını itirən yol arvadlarına da oxşamır. Danışanda da deməzsən ki, blotnoydur. Belə də... Hərdən kimisə neprav çıxartdığı da olur. Yenə də hissdən-ehtirasdan bir zad ona yaxın gəlmir ki, gəlmir.
Nəhayət! Uzun sözün qısası. Bu gün əməlli-başlı diksinmişəm. Sən demə, anam qadın imiş. Qadınlıq deyilən nəsə gizlənibmiş bədəninin harasındasa.
Burasını qulağınıza pıçıldayıram. Atamın qadını varmış. Başqa yerdə, başqa qadın. Özü də elə-belə yox e, dəridən-qabığdan çıxırmış onunçun. Olan-qalan qəpik-quruşunu da xəsislik-məsislik eləmədən xərcləyirmiş o qancığa.
Günün ortası olardı ki, bir hovur uzanıb dincimi almaq istədim. Sözün düzü, gecə atamın evə gəlmədiyindən nigaran qalıb narahat gecələmişdim. Elə uzandım ki bir balaca gözümün acısını alım, bir də gördüm həngamə, nə həngamə.
Anam atamı döyür!
Nə yemisən, turşulu aş. Vur ki, vurasan. Kişi də üzünə, başına dəyən şapalaqlara ağlamaq yerinə hırıldayır.
Ağzımda bir parça dilim vardısa, onu da udub mat-məəttəl oturub tamaşa edirdim. Anam bir coşmuşdu, gəl görəsən. Belə dişinin dibindən çıxanı tullayırdı kişinin sir-sifətinə. Əlinə keçən-keçməyən nə varsa, çırpırdı kişinin üst-başına.
Nə uzadım?! Yəqin ki, bizim evin günün orta çağı bu yarıağlamalı, yarıgülməli halını siz də təxmin elədiniz.
Bir az sonra su səpilmiş ocaq kimi divanın bir küncünə qısılan anam səssiz-səmirsiz ağlayırdı ki, atam geyinib-keçinib, siqaretini də cibinə qoyub, çıxıb getdi.
Gərək ki, bunu əvvəldə də demişəm - bir parça dilim vardı, onu da itirdim. Bir Allah bəndəsinə danışa bilmədim deyə, sizə yazdım.
Siz Allah, heç kəsə danışmayın. Evimizin söhbətini nöş bilsinlər axı. Xalxdan əyibdi ye...
19 aprel 2006

Hiç yorum yok: