6.23.2007

Eşq dəlisi qadınım


– Apar məni, qurban olum, apar burdan! Apar! Apar evə! Tez ol, apar!
– Yaxşı, yaxşı, sakit ol. Sakit ol, mələyim, yaxşı, apararam. – Bunu Gərayzadə qollarını boynuna dolayıb, üzünü sinəsinə sıxıb, nəfəsini dərmədən təlaş içərisində ağlayan qadınının bu dörd divar arasında üsyanına su səpməkçün təkrarlayırdı: -yaxşı, apararam. Söz verirəm. Döz, bir az da döz. Onsuz da Səni burda qoymayacağam -deyə o, dönə-dönə eyni sözlərlə qucağına qısılan arvadını ovudurdu. Ümidi kəsilmiş halını ondan gizlədirdi. Onu sevdiyi qədər də içində ona qarşı mərhəmət hissi baş qaldırmışdı. Yazığı gəlirdi divanə arvadına -eşq dəlisi arvadına.
Bu soyuq xəstəxana yatağına uzadıb sakitləşdirməyə başladı arvadını. Mavi xalatlı tibb bacısı əlində sakitləşdirici otağa daxil oldu. Az sonra xəstə kim bilir hansı yuxunun ağuşunda idi.
Gərayzadə xəstə yatan otağın bir küncündə əyləşmişdi. Əlləriylə sanki, gicgahlarından bərk-bərk yapışmışdı. Bu, kişi ağlının qavraya bilməyəcəyi dəhşət idi. Nə cür ola bilərdi ki, bir az öncə qucağında çapalayan arvadının dəliliyinə səbəb olan bu dəhşəti anlasın. Anlamağa nə gücü vardı, nə də istəyi. Bu, dəhşət idi, əsl dəhşət.
Başını qaldırıb yatağa sərilmiş arvadına baxdı. Qəhərləndi boğazı. “Kaş ki...” deyə ürəyində bir arzu – illərlə dustaq yaşatdığı bir arzu yenidən dilə gələcəkmiş kimi baş qaldırdı.
“Kaş ki, sevə biləydin məni...”...
Daha heç nə, heç nə düşünmədi Gərayzadə. Bilirdi ki, bundan sonrası onu bu qapını çırpıb, bu dəli arvadına da, ona olan eşqinə də tüpürüb baş alıb buralardan getməyə məcbur edə bilər. Amma o getmək istəmirdi. Tapdanmaqda olan ləyaqətinə, dilə-dişə düşmüş ad-sanına belə baxmadan, heç vaxt onun olmayan və heç vaxt onun olmayacaq arvadını eşq əlində əsir, iynə-dərman qoxusunda tək-tənha buraxa bilməzdi. Bu onun nə itirilməkdə olan kişiliyinə, nə də... nə də sevgisinə yaraşmırdı. “Ölmək ölməkdir, xırıldamaq nə deməkdir” deyib yenə bayaqkı vəziyyətini aldı. Ancaq otura bilmədi. Qalxıb arvadının çarpayısına yaxınlaşdı. Mə`sum sifətli yavrusuna dikdi gözlərini. Şüursuz bu bir cümlə ilişib qaldı dodaqlarında:
“Bir bilsən Səni necə sevirəm”.
Onun yazığı gəlirdi ona, fəqət bilmirdi ki, özü nə qədər yazıq, nə qədər cılız görkəm alır onun hüzurunda.
Dərk etmədiyi vəziyyətdən çıxış yolları belə tapa bilmirdi. Bunun üçün o, əvvəlcə dərk etməliydi. Dərk etməliydi bu dəli arvadının halını. O başa düşə bilmirdi ki, bu illər ərzində içində gəzdirdiyi eşqi niyə ondan gizlədib və bu gün, məhz bu gün onu dilə gətirən nədir və niyə, niyə o ona qarşı olan bu sevgini sevə bilməyib, ona duyulan bu hisslərə ürək verməyib. Gərayzadə heç nəyi başa düşmürdü. Lakin başa düşmədiyi qədər də sevirdi. Bircə onu bilirdi ki, bu bəyaz mələfəli, bəyaz örtüklü yatağa sərilmiş, bu bəyaz geyimli eşq dəlisi olan və bu dəqiqə dünya-aləmdən xəbərsiz uyuyan bu qadın onun arvadıdır və o bu qadını sevir.
Əslində Gərayzadə belə məchul bir həqiqəti, bu çözülməsi imkansız görünən tənliyi həll edib araşdıra bilərdi. Oturub hər şeyi lap əvvəldən xatırlamaq və bütün olanların düzünü-əyrisini ayırd etmək və əsl səbəbləri açıb ortaya qoymaq onun bu anlaşılmaz vəziyyətinə son qoya bilər və bu da onun əlində su içmək kimi boş bir şeydir. Lakin... Lakin hiss edirdi ki, onun gözlərinə sədd çəkən, ağlına gələnləri kiridən, fikrini cəm etməkdə ona mane olan var. Və o maneə onu bu dəqiqə bu otağa bağlayır və içində qaynayıb coşur.
Bir də ki, o, arvadını bu soyuq xəstəxana otağında tək-tənha buraxıb hara gedə bilərdi ki. Nə yolunu gözləyən bir ocağı, nə ətəyinə ilişib qalan balası, nə də təzədən yaşamağa ümidi var idi. Elə yaxşısı, bu dözülməz qoxuları başına alan bu otaqda oturub, anbaan ağlını itirməkdə olan arvadının--qadınının mə`sum, köməksiz, çarəsiz bədənini seyr etməkdir.
Bütün bu olar-olmazlardan sonra düşüncələrini bir araya yığa bilməyən Gərayzadə keçib yerində əyləşdi. Başındakı küt ağrıdan gözlərini qapadı. Yalnız indi xatırladı: 3 gün 3 gecə var ki, o yatmayıb. Bütün bədənində qorxunc bir gizilti dolaşdı. Yatmaq istədi -bilə-bilə bu mümkün deyil. Fəqət saymağa başladı---1, 2, 3, 4...
Gərayzadə bir də onda ayıldı ki, arvadına səhər iynələri vurulmaqdadır. Otaqda özü ilə arvadından başqa həkim var. Tələsik ayağa qalxıb əlini saçlarına atdı. Pır- pızlanmış saşını əlilə daraqladı. Həkimin işarəsini görər-görməz arxasıyca yollandı. Otağa dönərkən üz-gözündə gecəki cizgilər yenidən yer almışdı. O ona zillənən baxişlardan qorxurmuş kimi əvvəlcə qapını möhkəm örtə bilmədi. Lakin nə düşündüsə qapını çəkib içəri girdi. Bu dəfə bütün ağrı və əzablarla yanaşı onun sifətində bir inam da kölgə salmışdı. Barmaqlarının ucunda yeriyirmiş kimi yatağa yaxınlaşdı. Bir az əyilib:
–Necəsən, mələyim -deyə geyri-ixtiyari səsləndi. Gözlərini ona dikmiş arvadının bu mə`sum, xəstə görünüşünə nə qədər ürəkdən acıdığını gizlətməyə çalışsa da, qadın bunu duydu. Baxışlarını ərindən ayırmadan yenə də: – Apar məni, apar evə, evə gedək, evə istəyirəm -söylədi.
– Aparacağam, Sənə and olsun, aparacağam. Təki sən sağal -deyirdi Gərayzadə. Bütün yaşanmışlar gözlərində heçə dönmüşdü. İstədiyi, lakin edə bilmədiyi xəyanətin əllərindən güclə qurtaran, "əsrlərlə" bəslədiyi, duyduğu, yaşadığı sevgisini itirən və hələ də yox olmaqda olan O`nun, -hə, məhz O`nun varlığından uçunmuş ruhuna təsəlli gəzən arvadına, sevimli qadınına təzə bir ümid, hələ cücərməkdə olan həyat eşqi vermək arzusuyla doldu ürəyi bu nəcib ərin. Bu eşq dəlisi arvadını -sevimli qadınını qolları arasına almaq istədi təzədən. Bir də eşitmək istədi, bir də öz adını o mə`sum dodaqlardan. Başını sinəsinə qısıb rahatlıq gəzən gücsüz qadınının arxası olmaq istəyirdi Gərayzadə. Bir də, bir də demək istəyirdi bu sevimli qadına, bu divanə qadına "Sevirəm Səni! Səni sevirəm! Eşidirsən, mələyim! Sevirəm Səni!". 2004 (Qəbələ)

Hiç yorum yok: