6.23.2007

Soyudu burnunun ucu

narkomaniya ilə mübarizədə mən də!

– Vallah daha qala bilmirəm burda. İyrənirəm hər şeydən. Adamların üzlərində, gözlərində boğulub qalan ifadələr sıxır məni. Daha dözə bilmirəm, başa düşürsən?! Daha dözə bilmirəm. Bir az ayrılaq. Çıxım gedim, icazə ver. Qurban olum, bir az da məni başa düş.
– Bəs mən? Bəs mən neyləyim? Bəs mən neyləyə bilərəm. Hələ sənin öz ocağın, öz yuvandır. Biz bir yerdə bu dərdə sinə gərə bilmiriksə, mən sənsiz necə...? Səni necə başa düşə bilərəm. Özün fikirləş...
– Qurtula bilmirəm, Əminəm, qurtula bilmirəm tək başına... burda... bu cəhənnəmdə. Ətəyimdən sürükləyirlər, elə bil. Gücüm yoxdur, Əminəm, yoxdu gücüm —oturmuşdu yerdə Əziz. Dizinin birin qarnına dayamış, o birin azca bükmüşdü. Divara söykənmişdi—bu kiçik, çox kiçik otağın ensiz divarına. Başını da söykəmişdi. Danışdıqca yelləyir, əzab əkirdi Əziz. İkisi də donub qalmışdı. Yanaqlarına süzüləcək yaş da qalmamışdı bu bir neçə gündə. Dəfələrlə dolub, içlərinə boşalmışdı gözləri. Dəfələrlə düyünlənmişdi boğazları. Dəfələrlə qəhər boğmuşdu onları.
– Nə sənlə, nə də sənsiz. Olmur, Əminəm, olmur. Başqa şeylər gətirmə ağlına, qurban olum. Az, çox az keçəcək, qayıdacağam. Birdəfəlik gələcəyəm. Səni də, parçalarımızı da alıb gedəcəyik buralardan. Hələ düşün. Düşün ki, mən getmədim. Qaldım yenə bu cəhənnəmdə. Sən qadınsan, başa düşəsən bilmirsən. Sən bilmirsən ki, nə oğraş şeydir bu zəhrimar. Gördün, istəyəcəksən. Əl çəkmək olmur biryolluq. Sağım edir, solum edir. Dözə bilmirəm, Əminəm, mən də istəyirəm. – Anlatmağa çalışırdı Əziz.
– Sən təkcə məni istəmirsən, məni.
– Dəlilik etmə. Səninçün gedirəm. Gözlərini yaşlı görmək istəmirəm. Bacara bilmirəm özümlə. İzin ver gedim. Sənin Əzizin olaraq dönmək istəyirəm – Səninçün.
Susdu Əminə. Nəfəsini içinə qısdı Əminə. Seyr etməyə başladı dalğın baxışları yır-yığış edən ərini. Bir-iki dəst götürüb boxçasını bağlayırdı Əziz– onun Əzizi. Özüylə, nəfsiylə bacarmırdı Əziz. Gedirdi. Ayrılmaq istəyirdi, bir neçə günlük. Deyirdi daha qala bilmir burda. Deyirdi: “Cəhənnəmə oxşayır buralar”. Həm də deyirdi ki, gələcək. Çox keçməyəcək, gələcək. Əminəni də, yavrularını da alıb gedəcək buralardan, özü demişkən: “ayağı hara, başı da ora”.
Başını itirmişdi gəlin. Ərinin bu vida anında əl atdığı hər şeyə diqqət yetirir, etdiklərini sanki sabah əzbər söyləyəcəkmiş kimi süzürdü. Baxışları ac qurd kimi dolaşırdı ərinin gündən yanmış boynunda, çiyinlərində. Bu çılpaq sinədə gizlətmişdi ilk dəfə üzünü xəcalətindən. O zaman ki, hər şeydən qaçıb bu balaca otağa sığınmışdılar dağıdıb sərhədləri. Və ilk öpüşün istisindən alovlanıb utanmışdı, qızarmışdı qızcığaz. Güclü qollarına sığınmışdı onda. Qorxmuşdu Əminə. Anasının arzularını daşdan-daşa çırpıb gəlmişdi bu evə, daha doğrusu, qaçırıb gətirmişdi onun Əzizi. Hər şeyi atıb gəlmişdi. Oxumağa da qoymamışdı, “Qız nədir, oxumaq nədir?!” demişdi Əziz. O da susmuşdu. Öldürmüşdü ürəyində arzusunu – ən müqəddəs arzusunu. Axı Əziz bircəsiydi, əziziydi Əminənin. “Əziz varsa, hər şey var” demişdi Əminə. Uşaq ağlıyla, uşaq qəlbiylə sevmişdi Əminə. Özü böyüdükcə zərrə-zərrə böyütmüşdü sevgisini– Əziz kimi.
Bu da indi. Gedirdi Əziz. Qoyub gedirdi Əziz. Çox yox, bir-iki günlük. Qala bilmirdi Əziz. Dözə bilmirdi Əziz.
Əli-ayağı buza dönmüşdü bu gənc qadının. Qadınlığın duyan vaxtda gedirdi Əziz, ayrılırdı Əzizindən. Zəhrimarın əllərindən qaçırdı əri.
Getdi Əziz. Onun Əzizi getdi. Həm də dala baxmadı. Qayıdacaqdı, amma indi yox, bir-iki günə. “Döz, qadınım, döz. Bir az da döz” pıçıldamışdı gedəndə.
Yatırtdı körpələrini. Mışıl-mışıl uyudu yavruları. Özü də uzandı. Mır-mıcıl oldu yerində. İstəmədi nə yorğan, nə döşək. Körpəsinin oyuncağına dayayıb başını sərələndi döşəməyə. Əlləri gizildədi. Ayaqları gizildədi. Büzüşüb əllərini gizlətdi dizlərinin arasında. Qırıq-qırıq nəfəs səsi başına aldı soyumuş otağını. Soyudu burnunun ucu soyumuş əlləri kimi, soyumuş ocağı kimi. Titrəyən dodaqlarında səslənirdi içindəki həsrətinin duaları: “Tez gəl, Əzizim, qurban olum, tez qayıt”...

Hiç yorum yok: