6.23.2007

O sualı verməsəydilər


Hər iki tərəfə açıla bilən qapını itələyib içəri girdim. O qədər inamlı və qəti addımlarla hərəkət edirdim ki, mağazanın bütün işçiləri elə qapı ağzında qarşıladılar məni. Nə istədiyimi deyib bir az özümdənrazı tərzimlə paltarları gözdən keçirdim. Satıcı qadın zövqümü oxşamaqdan ötrü əlindən gələni eləməyə çalışırdı. Donlardan daha təm-təraqlısına yaxınlaşıb diqqətlə baxdım. Deyəsən, buna yaxşı-yaxşı baxmaq istəyirdim. Xahiş etdim ki, geyinməyimdə kömək eləsinlər (bu cür paltarları tək başına geyinmək çox çətindir).
Doğrusu, elə belə də düşünmüşdüm. Yaraşdı. Çox yaraşdı. Mənimçün tikiblər elə bil – deyə ürəyimdən keçirdim. Satıcı qadın və məndən əvvəl elə bu istəklə burda dayanmış qız heyranlıqla mənə baxdı. Özü yaddan çıxmışdı. “Necə gözəldir?!” – bunu gözləri bərəlmiş halda söylədi. İnanırdım ona. Çünki qarşımda iri bədənnüma güzgü dayanıb heyranlıqla mənə baxırdı. Sinəsi açıq, qolları uzun, tor, yuxarı hissəsi kip, belə qədəri əlişiylə bəzədilmiş, güpür, beldən aşağısı isə sonsuz enli və parlaq olan bu don doğrudan da adamın ağlını başından alırdı. Ətəyi isə arxa tərəfdən bir neçə metr ölçüdə yerlə sürünürdü. Bu cür gözəl paltar elə mənim kimi gözəl bir qızın bədəninə yaraşardı ancaq. Mağazanın önündən keçənlər belə ayaq saxlayıb şüşədən içəri boylanırdılar. Lakin bütün bunlara baxmayaraq, mən təkəbbürümü bir az da artırıb “Yox, bunu bəyənmədim. Elə də yaraşmadı” – deyib, başqa paltarlara yaxınlaşdım. İçimdə bir az da təəssüf edib dodağımın altında mızıldandım da ki, niyə tək gəlmişəm – “Gərək anamı da gətirərdim. Məni belə görsəydi yaxşı olardı, o da fikrini desəydi...” – Bu cümlələrsə əvvəlki təkəbbürlü tonla deyil, qismən kədərli səslənmişdi. Özümü ələ alıb başqa bir paltarı mankenin əynindən soyundurmalarını istədim. Satıcı qadın elə eyni həvəslə tərpəndi.
Bu da yaxşıydı. Əynimdə qutu kimi qalmışdı. (“Zalım qızı al da geysə yaraşır, şal da”...)...
Yenə həmin ahənglə ətrafımdakılar yerbəyerdən səsləndilər.
Güzgü önündə o yan – bu yana hərlənib nazlanmağa başladım. Mən də bütün qızlar kimi bu müqəddəs arzumun ağuşundaykən özümü unutmuşdum. “Yəqin məni belə görsə, ürəyi dayanar. Zarafat deyil, gör neçə ildən sonra həsrətlə gözlədiyimiz o gün gələcək. Mən Onun Qadını olacağam... Axır ki...”.
– Nə vaxtdır toy? – Çox qəfil səsləndi. Şillə kimi çırpıldı. Diksindim. Bir az qızardım deyəsən. Utana – utana:
– Bilmirəm...
Üstümə qəribə baxışlarını zilləsələr də üzlərindən bayaqkı təbəssümü itirməməyə çalışdılar. Amma mən utandım. Pərdənin arxasına keçib soyundum. Satıcı qadın onu yenə də mankenə geyindirdi. Mən də geyindim. İngilis stilli cins şalvarımı, ağ, oğlan ayağına biçilmiş idman ayaqqabılarımı və sanki adi tənzifdən tikilmiş, qolu və ətəyi biçilməmiş küçə adamı təəssüratı yaradan bəyaz köynəyimi.
Qapını arxamca örtüb çıxdım. Addımlarıma, daha doğrusu, ayaqlarıma baxa-baxa yeriyirdim. Həm də fikirləşirdim –“Deyəsən. Bu şəhərdə gəlinlik paltarları kirayələmək və ya almaq üçün daha başqa mağaza qalmadı...”...
2 iyul 2006

Hiç yorum yok: