9.10.2007

Aldanışlar şəhəri

Saat çoxalıb gün artdıqca biz şəhərdən uzaqlaşırdıq. Nə yaxşı ki, şəhərdən qaçmaq ağlıma gəlmişdi. Bu cırhacırda burda qalmaq, od tutub yanmaq axmaqlıq olardı lap. Amma dünənin təsiri hələ də keçməmişdi. Bir az ürəyim bulanırdı, bir az. O da qorxudan. Uşağa qalmaqdan qorxurdum. Ayrı heç nə narahat etmirdi məni. Ərə gedəndə tikilib getmək olardı. Amma onun uşağını saldırmağa gücüm olmazdı. Bir də o uşaq gec-tez doğulmalıdı onsuz da. İndi lazım deyil sadəcə. Ərə gedərəm, uşağı da ər pərdəsi altında böyüdərəm. Hər halda ondan doğulacaq yavrumu abort stolunda qoyub gələ bilmərəm.Bu günsə baş götürüb gedirəm buralardan. Aldadıram hamını. Elə bilirlər isti qovur məni. Guya dözümüm yoxdu. 1-2 ay gözləyib sonra qayıdacağam. Uşağa qalmasam, qayıdacağam. Yoxsa…Dünən mamanı aldatdım…ilk dəfə. Dedim şəhərdə gəzirəm. Onun qucağına girməzdən əvvəl də telefonu söndürdüm. Sevdim onu dünən…adam kimi…qadın kimi…kişi kimi… Gəlinlik paltarımı soyundum həmişəlik…onunçun… hisslərim bakirədir indi ancaq. İtirdim mən də… İtirmək həmişə incidib adamı. Heç vaxt itirdiyi bir şey üçün üzülməyən adama rast gəlməmişəm də. Amma bu itki elə gözəl duyğuydu ki. Sarılmışdım ona. Öpürdü məni… O necə sevimli, necə əziz…Dünən də qorxurdum. Düzü, o an ağlıma hamiləlik gəlmirdi. O anın qorxusu başqaydı. Nə də olmasa ilk dəfə idi. Qorxusu olmalıydı. Qızlıqdan qadınlığa bir an varmış. Hələ dünənin dünənindən bu görüşün sonunu təsəvvür edirdim. Bilirdim nəsə olmalıdı. Bilirdim. Hazır da getmişdim. Gəlin kimi… İllərin həsrətini, yanğısını büküb bir küncə atacağıma qərar vermişdim. Arzu olunduğumu da bilirdim, sevdiyindən əminəm. Amma qızlıq və qadınlıq körpüsünün bu qədər asan, rahat və bir anlıq olduğunu ağlıma gətirə bilməzdim. Çünki bu an yalnız və yalnız bir dəfə yaşanır. O da yalnız və yalnız onunla yaşana bilərdi…- Xanım qız, burda düşsək, pis olmaz ki? Heç insafdan deyil bura qədər gəlib əyləmədən keçib gedəsən. Gəl bir hovur saxlayım maşını. Sən də düş əl-üzünü yu.Şoferin əttəkön və çeynənmiş sözləri məni yazımdan ayıltdı. Etiraz etməyin yeri yox idi. Başımla razılaşdığımı bildirib könülsüz maşından endim. Yol kənarında yolçularçun nəzərdə tutulmuş kranlara yaxınlaşıb soyuq su ilə əllərimi yudum. Yaş əllərimi qollarıma çəkdim. Ürəyim sərinlədi. Daha üzümdəki narazılıq da itməyə başlamışdı. Tərləməmişdim. Burnuma tər qoxusu dəydi. Dönüb yanımda bizim maşının şoferini gördüm……Dünən çox tərləmişdi. Qapını açıb hava almasaydı, istidən ürəyi dayanacaqdı. Əvvəlcə çantamdan yaş solfetlər çıxarıb tərini sildik. Sonra bir dəftər də çıxarıb yelləməyə başladım (Qəribədir, o an dəfətərin ona yazılan bir qalaq şeir toplusu olduğu da gözümdən yayınmadı). O sezməyəcək dərəcədə gülümsədim də. Ayaqlarımı qaldırıb pəncə üstə dayanıb qalın, qırmızı dodaqlarından öpdüm. O özü balaca körpə kimidir… Yavaş-yavaş özünə gəlirdi. Amma bu kifayət etmədi. Bayıra çıxıb təmiz hava almalıydı. Bir az sonra Bakının qaranlıq küçələriylə yuxarı yola doğru addımlayırdım…- Həmişə burdan keçəndə burda mütləq dayanıram. Sərinləməsən yola davam eləmək çətin məsələdir.Kişinin ağzı da pis qoxuyurdu. Üzümü yana çevirə-çevirə yenə də başımı yelləyib guya ki, gülümsədim. Bu, gülümsəməkdən daha çox “iyvermiş ağzıvı yumsan, pis olmaz” demək idi.Maşına yaxınlaşıb getmək istədiyimə işarə etdim. Şofer də, digər yolçular da elə mənim kimi davrandılar. Nəhayət ki, yol boyu da mənasız “siyasi” və “qlobal” “problemlərilə” başımı aparan bu boşboğaz kişi ağzını yumdu. Deyəsən, yorulmuşdu. Ya da mənim ifrit sifətinə bənzər simamdan ehtiyatlanıb daha az danışmalı olduğunu anlamışdı. Amma hər halda sevindirici hal idi. Mən yenə də yazmağa davam edirdim.Burda məni ilk sevindirən şey gəldiyimdən 6-7 saat sonra rastlaşdığım saat oldu. Əslində otağa yerləşən andan bu saatı görmüş, işləmədiyini eşitmiş və hətta təəssüf də etmişdim. Dolablara gətirdiyim pal-paltarı boşaldıb həyətə düşdüm. Isti təndir çörəyi və pendirin uzaq yoldan sonra yeri var idi. Əlqaf elədim. Bir də axşama yaxın qalxdım otağıma. Bir az kitab oxumaq istəyirdim. Kamal Abdullanın “Yarımçıq əlyazması”nı götürüb uzandım. Saata baxdım. İşləmədiyini unutmuşdum. Saat işləyirdi. Özü də düz 6-nın yarısı idi. İxtiyarsız yerimdən durub saata baxdım. Hə, düpbədüz işləyirdi. Güldüm… Həmişə ən çox qorxduğum şey saatımın yatması olmuşdu. Belə vaxtlarda həmişə pis nə isə olurdu. Sevindim. Xarab saat, əslində mənimçün asılmış bu saat işləməyə başlamışdı, özü də qaldığı yerdən yox, əsl işləməli olduğu vaxtdan.Gecəni rahat yatdım. Ya yol yormuşdu məni, ya da qoyub gəldiklərim. Oyananda yarıaçıq qapımın şəffaf pəncərələrindən gün düşürdü üzümə. Ayıldım. Yuxulu deyildim. Harda olduğumun da fərqindəydim. Deyəsən hamı yatmışdı. Saata baxdım. 7-dən beş dəqiqə keçirdi. Durdum. Otağımın qapılarını açdım. Yel vurdu hər tərəfdən. Elə xoş hava vardı ki. Son vaxtlar kənd həyatına artan marağım yenidən baş qaldırdı. Ürəyimdə “heyif deyil kənd, nə var e şəhərdə” dedim.Otağımın divarları rəsmlərlə bəzədilmişdi. Başımın üstündə İçəri şəhərin görüntüsü olan şəkil vardı. Sol tərəfimdə dağınıq saçlarını toparlayan yuxulu qadın, sağ tərəfimdə arxasını mənə çevirmiş yataqda uzalı gecə köynəyində başqa bir qadın görünürdü. Sağ divarda iki daha böyük tablo asılmışdı. Biri Bakının, digəri də indi adını çəkmək istəmədiyim, yerləşdiyim şəhərin mərkəzi küçəsinin görüntüsüydü. Sol divardasa iri bədənnüma güzgü vardı. Bütün olaraq məni göstərirdi. Özümə baxdım. Bir az yorğun, bir az da qurtulmuş kimiydim. Azadlığa çıxmışdım elə bil.Foyeyə çıxdım. Burda da divarlar şəkillərlə süslənmişdi. Hər birinə ayrı-ayrılıqda baxa-baxa yan otaqlardan birinə çatdım. Burda qızlar qalırdı – qohumlarım. Qapı açıq idi. Içəri girdim. Qızlar hələ yatırdılar. Onlara məhəl qoymadan divarlardakı şəkillərə baxmağa başladım. Bu otaqda daha çox tipik və qədimi azərbaycanlı qadınların rəsmləri, ümumiyyətlə, milli kaloritli şəkillər asılmışdı. Otağın bayıra açılan qapısını açdım. Günəşi içəri buraxdım. Balkona çıxdım. Kənd ayağımın altına sərilmişdi. Qızlardan kimsə oyandı. Yuxulu qıyıq gözləriylə “nə tez durmusan, nöş xortdamısan?” dedi. “Yat hələ, durma, elə-belə durmuşam, ayıldım durdum, gedib yatıram indi” – cavab verdim.Öz otağıma qayıtdım. Yerimə uzandım. Çarpayımın yanındakı kiçik dolabın üstündə gecədən qoyduğum sudan süzüb içdim. Sonra da kitab oxuya-oxuya yuxuya getmişəmmiş. Günortaya yaxın səhər tezdən addımlarımın səsinə oyanan qıyıq gözlü qız həyətdən adımı çəkib oyadırdı məni. Yəqin səhərin “intiqamı” idi.O günü yaxşı yola verdim deyə bilərəm. Günortadan sonra bağa getdik. Bir az əyləndik də. Ürəyim də bulanmadı. Rahat idim. Axşam ona zəng elədim. Xoş rəftar karıma gəldi. Bir az da yaxşı oldum. Gecəni deyəsən qızlarla uzun-uzadı söhbətdən sonra yatmışam.Artıq beş gündür ki, burdayam. Özümü yaxşı hiss edirəm. Yavaş-yavaş döşlərimin üstündəki, boynumdakı göylər də saralır. Burda soruşan olmadı da. Deyəsən heç kəs fikir verməyib. Vaxtı yola verdikcə hisslərim də soyumağa başlayır. Xatirələrim də uzaqlaşmaqdadır. Əslində Bakıdan qaçma səbəblərimdən biri də bu göyərmə məsələsidir. Anam duyuq düşməməlidir. Özümə gəlirəm…Gecə yatmazdan əvvəl hamama girdim. Soyuq duş istəyirdim. Yaxşı təsir elədi. Güzgüyə baxdım hamamda. Elə bil ilk dəfə idi qadın bədəni görürdüm. Və onun bədənini xatırladım. Həyatımda ilk dəfə idi ki, qadın bədəni ilə kişi bədənini qarşılaşdırırdım. Maraqlı idi…onun bədəni…Özümü güzgü önündə qucaqladım. Gözlərimi qapadım. Dodaqlarını hiss edirdim…əllərini…öpüşlərini… Kimsə qapını döydü. “Gec çıxaceysan? Burda sular qəfil kəsilir aaa” – səsə ayıldım elə bil. “Çıxıram indi” – bu da məndən gəldi.Elə bu dəqiqə zəng eləmişdi. Daha doğrusu, on dəqiqə bundan əvvəl etdiyim zəngə cavab verə bilmədiyindən indi etmişdi zəng. Sevindim… Deyir “neynirsən?”. Deyirəm “Pivə içirəm. Bayaq da çaxır içirdim. “Səninəm”ə də qulaq asdım, yadıma sən düşdün. Həm də səninçün hekayə yazıram”. Deyir “Yaxşı da… Denən daha mən bu gecə yatmıyıceyam ki”. Gülürəm, deyirəm “Yooooooo, qorxursan ki, səhərə qədər zəng edərəm, mesaj yazaram?”. Gülür, deyir “Hmmm.”. Bu dəfə ucadan gülürəm, hiss edirəm ki, gülüşüm xoşuna gəlir. Dalıyca deyirəm “Darıxırsan mənimçün?”. Deyir “Bə nə?”. Deyirəm “Çoox?”. Deyir “Hmm”. Deyirəm “Mən də. Özü də lap çox”. “On beş dəqiqəyə ordayam” – zarafat eliyir. “Yalançı!” – cavab verirəm. Axırda da öpür – çoxlu-çoxlu (“Bilirsən nə qədər?…” – “Çoox?” sualıma o cavab verir), mən də öpürəm, sonra sağollaşırıq. Sonra da bura köçürürəm danışdıqlarımızı. Bu yerdə də hekayənin bu qismi yazılır.Qohum qızlardan biri bayaq qonşu qızından danışırdı. Bizim həyətdən baxanda hasarın üstündən onların evinin divarına vurulmuş güzgü görünür. Qız deyir ki, bayaq elə təsadüfən o tərəfə baxıbmış, görübmüş ki, qonşunun azyaşlı qızı güzgünün önündə durub öz-özünə oynayırmış. Dodağına pamada çəkib ora-burasını düzəldirmiş. Bu da burdan uca səslə qızın adını çağırıb. Qız da diksinib özünü itirib. Pərtliyini gizlətmək naminə “Oynayırdım” deyib.Bunu qohum qız danışanda qaş qaralırdı. Bir də gördük yağış başladı. Yağış nə yağış. Ucundan tutub göyə qalxmalı. Biz də qızlarla bu gün içmək istəyirdik. Süfrə düzəltdik. Şam elədik. Şərab içdik. Hamıdan çox məni tutdu. Axmaq bir gülmək gəldi mənə. Həyətdə çalışan ustanı o ki var dolayıb güldüm. Bir az sonra başgicəllənməm keçdi və mən indi də siqaret istədim. Qalxıb otağımın sol qonşusu qohum oğlanın dolabının üstündəki qutudan bir siqaret götürdüm. Bunu ancaq tualetdə çəkmək olardı. Pillələri tez-tez enib mətbəxdən kibrit də götürüb həyət tualetinə yollandım. Heç kəs fərqinə varmadı. Içəri girər girməz ürəyim bulandı. Başım bu dəfə daha fərqli fırlandı. Gözlərim də qaraldı. Bir neçə an qapının dəstəyindən tutub dayandım. Özümə gəldim. Yox, edə bilmədim. Yadıma qəzetin son nömrəsində siqaretlə bağlı verdiyim material düşdü. Alimlər araşdırmışlar ki, siqaret uşaqların sağlam doğulmasına mane olur. Körpəyə çox ziyandı. Bir sözlə, etmədim.Başgicəllənməm üç gündür ki var. Ürək bulanmam da həmçinin. Dünən ev sahibəsi bir az narahat da oldu. Yaxşı yeyə bilmirdim. Bu günkü səbəbimsə içki ola bilərdi deyə düşünüb heç nə demədi. Nigaran qalıb həkimə yollaya bilərlər məni. Özü də ən pisi Bakıya – tanış həkimlərdən birinin yanına. Ona görə də, bir az da ehtiyatlı davranmalıyam. İki gün də keçsin bir bəhanə edib mərkəzə gedəcəyəm – aptekə. Test alıb yoxlayaram. Müsbət nəticə göstərsə, təcili Bakıya qayıdıb, təhsil hazırlığına başlamalıyam. Qarnım böyümədən çıxıb getsəm, yaxşı olar. Uşağın atasını da gedəndən sonra xəbərdar edərəm. Əsas məsələ anamdır. Onu doqquz ay yola vermək lazımdır. Tez-tez məktub yazaram, zəng edərəm. Ara-sıra pul yollaram. Həm işləyərəm, həm də mətbəələrdən birində çalışıb bir təhər dolanaram. Qurumun rəhbəri də çox şeyi öz boynuna götürüb. Çətin olmaz.Yuxarıda yazdıqlarımı gecə yatmazdan əvvəl götür-qoy eləmişəm. Demək olar ki, hər varianta addım hazırdı. Qalır ancaq sabah bir bəhanə tapıb evdən çıxmaq.Qonşu otaqda qalan qohum oğlan özü apardı məni mərkəzə. Xoşbəxtlikdən aptekə mənimlə girmədi. Yəqin qadınların xüsusi günlərçün tədarükü-zadı kimi başa düşdü. Yaxşı oldu.İnanılmaz nəticə! Test hamilə deyilsən dedi. Bilmədim sevinim, yoxsa kədərlənim. Hər halda indi arzuolunan son idi. Rahat nəfəs aldım. O gündən bu yana içimdə azca da olsa qınaq vardısa, hamısı yox oldu. Öz-özümə gülümsədim. Bakı üçün burnumun ucu göynəyirdi… Noolsun ki, istidi….?!Bilmirəm, amma bunu hekayə adıyla “Sənə yazmışam” deyib, ona oxutdurum, ya yox…

6.23.2007

Soyudu burnunun ucu

narkomaniya ilə mübarizədə mən də!

– Vallah daha qala bilmirəm burda. İyrənirəm hər şeydən. Adamların üzlərində, gözlərində boğulub qalan ifadələr sıxır məni. Daha dözə bilmirəm, başa düşürsən?! Daha dözə bilmirəm. Bir az ayrılaq. Çıxım gedim, icazə ver. Qurban olum, bir az da məni başa düş.
– Bəs mən? Bəs mən neyləyim? Bəs mən neyləyə bilərəm. Hələ sənin öz ocağın, öz yuvandır. Biz bir yerdə bu dərdə sinə gərə bilmiriksə, mən sənsiz necə...? Səni necə başa düşə bilərəm. Özün fikirləş...
– Qurtula bilmirəm, Əminəm, qurtula bilmirəm tək başına... burda... bu cəhənnəmdə. Ətəyimdən sürükləyirlər, elə bil. Gücüm yoxdur, Əminəm, yoxdu gücüm —oturmuşdu yerdə Əziz. Dizinin birin qarnına dayamış, o birin azca bükmüşdü. Divara söykənmişdi—bu kiçik, çox kiçik otağın ensiz divarına. Başını da söykəmişdi. Danışdıqca yelləyir, əzab əkirdi Əziz. İkisi də donub qalmışdı. Yanaqlarına süzüləcək yaş da qalmamışdı bu bir neçə gündə. Dəfələrlə dolub, içlərinə boşalmışdı gözləri. Dəfələrlə düyünlənmişdi boğazları. Dəfələrlə qəhər boğmuşdu onları.
– Nə sənlə, nə də sənsiz. Olmur, Əminəm, olmur. Başqa şeylər gətirmə ağlına, qurban olum. Az, çox az keçəcək, qayıdacağam. Birdəfəlik gələcəyəm. Səni də, parçalarımızı da alıb gedəcəyik buralardan. Hələ düşün. Düşün ki, mən getmədim. Qaldım yenə bu cəhənnəmdə. Sən qadınsan, başa düşəsən bilmirsən. Sən bilmirsən ki, nə oğraş şeydir bu zəhrimar. Gördün, istəyəcəksən. Əl çəkmək olmur biryolluq. Sağım edir, solum edir. Dözə bilmirəm, Əminəm, mən də istəyirəm. – Anlatmağa çalışırdı Əziz.
– Sən təkcə məni istəmirsən, məni.
– Dəlilik etmə. Səninçün gedirəm. Gözlərini yaşlı görmək istəmirəm. Bacara bilmirəm özümlə. İzin ver gedim. Sənin Əzizin olaraq dönmək istəyirəm – Səninçün.
Susdu Əminə. Nəfəsini içinə qısdı Əminə. Seyr etməyə başladı dalğın baxışları yır-yığış edən ərini. Bir-iki dəst götürüb boxçasını bağlayırdı Əziz– onun Əzizi. Özüylə, nəfsiylə bacarmırdı Əziz. Gedirdi. Ayrılmaq istəyirdi, bir neçə günlük. Deyirdi daha qala bilmir burda. Deyirdi: “Cəhənnəmə oxşayır buralar”. Həm də deyirdi ki, gələcək. Çox keçməyəcək, gələcək. Əminəni də, yavrularını da alıb gedəcək buralardan, özü demişkən: “ayağı hara, başı da ora”.
Başını itirmişdi gəlin. Ərinin bu vida anında əl atdığı hər şeyə diqqət yetirir, etdiklərini sanki sabah əzbər söyləyəcəkmiş kimi süzürdü. Baxışları ac qurd kimi dolaşırdı ərinin gündən yanmış boynunda, çiyinlərində. Bu çılpaq sinədə gizlətmişdi ilk dəfə üzünü xəcalətindən. O zaman ki, hər şeydən qaçıb bu balaca otağa sığınmışdılar dağıdıb sərhədləri. Və ilk öpüşün istisindən alovlanıb utanmışdı, qızarmışdı qızcığaz. Güclü qollarına sığınmışdı onda. Qorxmuşdu Əminə. Anasının arzularını daşdan-daşa çırpıb gəlmişdi bu evə, daha doğrusu, qaçırıb gətirmişdi onun Əzizi. Hər şeyi atıb gəlmişdi. Oxumağa da qoymamışdı, “Qız nədir, oxumaq nədir?!” demişdi Əziz. O da susmuşdu. Öldürmüşdü ürəyində arzusunu – ən müqəddəs arzusunu. Axı Əziz bircəsiydi, əziziydi Əminənin. “Əziz varsa, hər şey var” demişdi Əminə. Uşaq ağlıyla, uşaq qəlbiylə sevmişdi Əminə. Özü böyüdükcə zərrə-zərrə böyütmüşdü sevgisini– Əziz kimi.
Bu da indi. Gedirdi Əziz. Qoyub gedirdi Əziz. Çox yox, bir-iki günlük. Qala bilmirdi Əziz. Dözə bilmirdi Əziz.
Əli-ayağı buza dönmüşdü bu gənc qadının. Qadınlığın duyan vaxtda gedirdi Əziz, ayrılırdı Əzizindən. Zəhrimarın əllərindən qaçırdı əri.
Getdi Əziz. Onun Əzizi getdi. Həm də dala baxmadı. Qayıdacaqdı, amma indi yox, bir-iki günə. “Döz, qadınım, döz. Bir az da döz” pıçıldamışdı gedəndə.
Yatırtdı körpələrini. Mışıl-mışıl uyudu yavruları. Özü də uzandı. Mır-mıcıl oldu yerində. İstəmədi nə yorğan, nə döşək. Körpəsinin oyuncağına dayayıb başını sərələndi döşəməyə. Əlləri gizildədi. Ayaqları gizildədi. Büzüşüb əllərini gizlətdi dizlərinin arasında. Qırıq-qırıq nəfəs səsi başına aldı soyumuş otağını. Soyudu burnunun ucu soyumuş əlləri kimi, soyumuş ocağı kimi. Titrəyən dodaqlarında səslənirdi içindəki həsrətinin duaları: “Tez gəl, Əzizim, qurban olum, tez qayıt”...

Eşq dəlisi qadınım

– Apar məni, qurban olum, apar burdan! Apar! Apar evə! Tez ol, apar!
– Yaxşı, yaxşı, sakit ol. Sakit ol, mələyim, yaxşı, apararam. – Bunu Gərayzadə qollarını boynuna dolayıb, üzünü sinəsinə sıxıb, nəfəsini dərmədən təlaş içərisində ağlayan qadınının bu dörd divar arasında üsyanına su səpməkçün təkrarlayırdı: -yaxşı, apararam. Söz verirəm. Döz, bir az da döz. Onsuz da Səni burda qoymayacağam -deyə o, dönə-dönə eyni sözlərlə qucağına qısılan arvadını ovudurdu. Ümidi kəsilmiş halını ondan gizlədirdi. Onu sevdiyi qədər də içində ona qarşı mərhəmət hissi baş qaldırmışdı. Yazığı gəlirdi divanə arvadına -eşq dəlisi arvadına.
Bu soyuq xəstəxana yatağına uzadıb sakitləşdirməyə başladı arvadını. Mavi xalatlı tibb bacısı əlində sakitləşdirici otağa daxil oldu. Az sonra xəstə kim bilir hansı yuxunun ağuşunda idi.
Gərayzadə xəstə yatan otağın bir küncündə əyləşmişdi. Əlləriylə sanki, gicgahlarından bərk-bərk yapışmışdı. Bu, kişi ağlının qavraya bilməyəcəyi dəhşət idi. Nə cür ola bilərdi ki, bir az öncə qucağında çapalayan arvadının dəliliyinə səbəb olan bu dəhşəti anlasın. Anlamağa nə gücü vardı, nə də istəyi. Bu, dəhşət idi, əsl dəhşət.
Başını qaldırıb yatağa sərilmiş arvadına baxdı. Qəhərləndi boğazı. “Kaş ki...” deyə ürəyində bir arzu – illərlə dustaq yaşatdığı bir arzu yenidən dilə gələcəkmiş kimi baş qaldırdı.
“Kaş ki, sevə biləydin məni...”...
Daha heç nə, heç nə düşünmədi Gərayzadə. Bilirdi ki, bundan sonrası onu bu qapını çırpıb, bu dəli arvadına da, ona olan eşqinə də tüpürüb baş alıb buralardan getməyə məcbur edə bilər. Amma o getmək istəmirdi. Tapdanmaqda olan ləyaqətinə, dilə-dişə düşmüş ad-sanına belə baxmadan, heç vaxt onun olmayan və heç vaxt onun olmayacaq arvadını eşq əlində əsir, iynə-dərman qoxusunda tək-tənha buraxa bilməzdi. Bu onun nə itirilməkdə olan kişiliyinə, nə də... nə də sevgisinə yaraşmırdı. “Ölmək ölməkdir, xırıldamaq nə deməkdir” deyib yenə bayaqkı vəziyyətini aldı. Ancaq otura bilmədi. Qalxıb arvadının çarpayısına yaxınlaşdı. Mə`sum sifətli yavrusuna dikdi gözlərini. Şüursuz bu bir cümlə ilişib qaldı dodaqlarında:
“Bir bilsən Səni necə sevirəm”.
Onun yazığı gəlirdi ona, fəqət bilmirdi ki, özü nə qədər yazıq, nə qədər cılız görkəm alır onun hüzurunda.
Dərk etmədiyi vəziyyətdən çıxış yolları belə tapa bilmirdi. Bunun üçün o, əvvəlcə dərk etməliydi. Dərk etməliydi bu dəli arvadının halını. O başa düşə bilmirdi ki, bu illər ərzində içində gəzdirdiyi eşqi niyə ondan gizlədib və bu gün, məhz bu gün onu dilə gətirən nədir və niyə, niyə o ona qarşı olan bu sevgini sevə bilməyib, ona duyulan bu hisslərə ürək verməyib. Gərayzadə heç nəyi başa düşmürdü. Lakin başa düşmədiyi qədər də sevirdi. Bircə onu bilirdi ki, bu bəyaz mələfəli, bəyaz örtüklü yatağa sərilmiş, bu bəyaz geyimli eşq dəlisi olan və bu dəqiqə dünya-aləmdən xəbərsiz uyuyan bu qadın onun arvadıdır və o bu qadını sevir.
Əslində Gərayzadə belə məchul bir həqiqəti, bu çözülməsi imkansız görünən tənliyi həll edib araşdıra bilərdi. Oturub hər şeyi lap əvvəldən xatırlamaq və bütün olanların düzünü-əyrisini ayırd etmək və əsl səbəbləri açıb ortaya qoymaq onun bu anlaşılmaz vəziyyətinə son qoya bilər və bu da onun əlində su içmək kimi boş bir şeydir. Lakin... Lakin hiss edirdi ki, onun gözlərinə sədd çəkən, ağlına gələnləri kiridən, fikrini cəm etməkdə ona mane olan var. Və o maneə onu bu dəqiqə bu otağa bağlayır və içində qaynayıb coşur.
Bir də ki, o, arvadını bu soyuq xəstəxana otağında tək-tənha buraxıb hara gedə bilərdi ki. Nə yolunu gözləyən bir ocağı, nə ətəyinə ilişib qalan balası, nə də təzədən yaşamağa ümidi var idi. Elə yaxşısı, bu dözülməz qoxuları başına alan bu otaqda oturub, anbaan ağlını itirməkdə olan arvadının--qadınının mə`sum, köməksiz, çarəsiz bədənini seyr etməkdir.
Bütün bu olar-olmazlardan sonra düşüncələrini bir araya yığa bilməyən Gərayzadə keçib yerində əyləşdi. Başındakı küt ağrıdan gözlərini qapadı. Yalnız indi xatırladı: 3 gün 3 gecə var ki, o yatmayıb. Bütün bədənində qorxunc bir gizilti dolaşdı. Yatmaq istədi -bilə-bilə bu mümkün deyil. Fəqət saymağa başladı---1, 2, 3, 4...
Gərayzadə bir də onda ayıldı ki, arvadına səhər iynələri vurulmaqdadır. Otaqda özü ilə arvadından başqa həkim var. Tələsik ayağa qalxıb əlini saçlarına atdı. Pır- pızlanmış saşını əlilə daraqladı. Həkimin işarəsini görər-görməz arxasıyca yollandı. Otağa dönərkən üz-gözündə gecəki cizgilər yenidən yer almışdı. O ona zillənən baxişlardan qorxurmuş kimi əvvəlcə qapını möhkəm örtə bilmədi. Lakin nə düşündüsə qapını çəkib içəri girdi. Bu dəfə bütün ağrı və əzablarla yanaşı onun sifətində bir inam da kölgə salmışdı. Barmaqlarının ucunda yeriyirmiş kimi yatağa yaxınlaşdı. Bir az əyilib:
–Necəsən, mələyim -deyə geyri-ixtiyari səsləndi. Gözlərini ona dikmiş arvadının bu mə`sum, xəstə görünüşünə nə qədər ürəkdən acıdığını gizlətməyə çalışsa da, qadın bunu duydu. Baxışlarını ərindən ayırmadan yenə də: – Apar məni, apar evə, evə gedək, evə istəyirəm -söylədi.
– Aparacağam, Sənə and olsun, aparacağam. Təki sən sağal -deyirdi Gərayzadə. Bütün yaşanmışlar gözlərində heçə dönmüşdü. İstədiyi, lakin edə bilmədiyi xəyanətin əllərindən güclə qurtaran, "əsrlərlə" bəslədiyi, duyduğu, yaşadığı sevgisini itirən və hələ də yox olmaqda olan O`nun, -hə, məhz O`nun varlığından uçunmuş ruhuna təsəlli gəzən arvadına, sevimli qadınına təzə bir ümid, hələ cücərməkdə olan həyat eşqi vermək arzusuyla doldu ürəyi bu nəcib ərin. Bu eşq dəlisi arvadını -sevimli qadınını qolları arasına almaq istədi təzədən. Bir də eşitmək istədi, bir də öz adını o mə`sum dodaqlardan. Başını sinəsinə qısıb rahatlıq gəzən gücsüz qadınının arxası olmaq istəyirdi Gərayzadə. Bir də, bir də demək istəyirdi bu sevimli qadına, bu divanə qadına "Sevirəm Səni! Səni sevirəm! Eşidirsən, mələyim! Sevirəm Səni!". 2004 (Qəbələ)

O sualı verməsəydilər

Hər iki tərəfə açıla bilən qapını itələyib içəri girdim. O qədər inamlı və qəti addımlarla hərəkət edirdim ki, mağazanın bütün işçiləri elə qapı ağzında qarşıladılar məni. Nə istədiyimi deyib bir az özümdənrazı tərzimlə paltarları gözdən keçirdim. Satıcı qadın zövqümü oxşamaqdan ötrü əlindən gələni eləməyə çalışırdı. Donlardan daha təm-təraqlısına yaxınlaşıb diqqətlə baxdım. Deyəsən, buna yaxşı-yaxşı baxmaq istəyirdim. Xahiş etdim ki, geyinməyimdə kömək eləsinlər (bu cür paltarları tək başına geyinmək çox çətindir).
Doğrusu, elə belə də düşünmüşdüm. Yaraşdı. Çox yaraşdı. Mənimçün tikiblər elə bil – deyə ürəyimdən keçirdim. Satıcı qadın və məndən əvvəl elə bu istəklə burda dayanmış qız heyranlıqla mənə baxdı. Özü yaddan çıxmışdı. “Necə gözəldir?!” – bunu gözləri bərəlmiş halda söylədi. İnanırdım ona. Çünki qarşımda iri bədənnüma güzgü dayanıb heyranlıqla mənə baxırdı. Sinəsi açıq, qolları uzun, tor, yuxarı hissəsi kip, belə qədəri əlişiylə bəzədilmiş, güpür, beldən aşağısı isə sonsuz enli və parlaq olan bu don doğrudan da adamın ağlını başından alırdı. Ətəyi isə arxa tərəfdən bir neçə metr ölçüdə yerlə sürünürdü. Bu cür gözəl paltar elə mənim kimi gözəl bir qızın bədəninə yaraşardı ancaq. Mağazanın önündən keçənlər belə ayaq saxlayıb şüşədən içəri boylanırdılar. Lakin bütün bunlara baxmayaraq, mən təkəbbürümü bir az da artırıb “Yox, bunu bəyənmədim. Elə də yaraşmadı” – deyib, başqa paltarlara yaxınlaşdım. İçimdə bir az da təəssüf edib dodağımın altında mızıldandım da ki, niyə tək gəlmişəm – “Gərək anamı da gətirərdim. Məni belə görsəydi yaxşı olardı, o da fikrini desəydi...” – Bu cümlələrsə əvvəlki təkəbbürlü tonla deyil, qismən kədərli səslənmişdi. Özümü ələ alıb başqa bir paltarı mankenin əynindən soyundurmalarını istədim. Satıcı qadın elə eyni həvəslə tərpəndi.
Bu da yaxşıydı. Əynimdə qutu kimi qalmışdı. (“Zalım qızı al da geysə yaraşır, şal da”...)...
Yenə həmin ahənglə ətrafımdakılar yerbəyerdən səsləndilər.
Güzgü önündə o yan – bu yana hərlənib nazlanmağa başladım. Mən də bütün qızlar kimi bu müqəddəs arzumun ağuşundaykən özümü unutmuşdum. “Yəqin məni belə görsə, ürəyi dayanar. Zarafat deyil, gör neçə ildən sonra həsrətlə gözlədiyimiz o gün gələcək. Mən Onun Qadını olacağam... Axır ki...”.
– Nə vaxtdır toy? – Çox qəfil səsləndi. Şillə kimi çırpıldı. Diksindim. Bir az qızardım deyəsən. Utana – utana:
– Bilmirəm...
Üstümə qəribə baxışlarını zilləsələr də üzlərindən bayaqkı təbəssümü itirməməyə çalışdılar. Amma mən utandım. Pərdənin arxasına keçib soyundum. Satıcı qadın onu yenə də mankenə geyindirdi. Mən də geyindim. İngilis stilli cins şalvarımı, ağ, oğlan ayağına biçilmiş idman ayaqqabılarımı və sanki adi tənzifdən tikilmiş, qolu və ətəyi biçilməmiş küçə adamı təəssüratı yaradan bəyaz köynəyimi.
Qapını arxamca örtüb çıxdım. Addımlarıma, daha doğrusu, ayaqlarıma baxa-baxa yeriyirdim. Həm də fikirləşirdim –“Deyəsən. Bu şəhərdə gəlinlik paltarları kirayələmək və ya almaq üçün daha başqa mağaza qalmadı...”...
2 iyul 2006

Mən sənsiz qala bilmirəm

Bir neçə gün bundan qabaq çılğın bağırtıları ilə üsyan eləyib evini – onu tərk etmiş arvadı düşmüşdü yadına yenə. Əlindəki qəlyanı dodaqlarına yaxınlaşdırıb içinə çəkdi. Üfürdüyü tüstüyə diqqətlə baxdı. Sözünü xatırladı. Elə həmin gün kiməsə demişdi “Tüstüm başımdan çıxdı”. Özlüyündə ona haqq qazandırsa da, durub nömrələri yığıb “Bağışla, sən haqlı imişsən. Xahiş edirəm, evə gəl” deyə bilmədi. Niyəsini anlamasa da, təbiəti beləydi. Əyilmək saymasa da, utanırdı. Hansı üzlə, nə üzlə “evə gəl” deyəcəkdi ki. O da o tərəfdən sadalayacaqdı: “Filan vaxt belə oldu, filan vaxt belə elədin...”. Allah bilir, daha nələr. Özü də bilirdi hamısını düz deyəcəkdi. Həm də bu, neçənci səfər idi. O da qayıtmayacaqdı. İnanmayacaqdı bir də. Hər dəfə belə deyirdi. Hər dəfəsində eyni şey – “İstəyirəm evə gələsən”, “İstəyirəm burda olasan”...
Usanmış arvadının küskün baxışları yadına düşdü. Qalxıb otağın bir küncündə dolabın üstündə dimdik duran şəklə baxdı. Gülürdü... Darıxdı birdən-birə. Əlinə götürdü şəkli. Baxdı... Yenidən əvvəlki yerinə qoydu. Bu dəfə üzüqoyulu. Köksünü ötürüb mətbəxə keçdi. Belə vaxtlarda tünd çay karına az gəlməmişdi. Çaydanı qazın üstünə qoyub qalaq-qalaq, üst-üstə yığılmış bulaşıq qablara baxdı. Çaydan ləkə tutmuş fincanına nəzər salıb yenə arvadını xatırladı. Ağ, balaca, dolu əlləri gəldi gözünün qabağına. Elə bil, indi hiss elədi onunçun darıxdığını. Daha çay da istəmədi. Həvəsdən düşdü. Qazı keçirib yenə qəlyanını əlinə aldı. Bir-iki dəfə də içinə çəkdikdən sonra gördü ki, boğulur, nəfəsi kəsilməyə başlayır. Qapısı aralı qalmış yataq otağına gözü sataşdı. Ayağının ucuyla itələyib qapını açdı. Hər şeyi diqqətlə gözdən keçirdi. Otağa kədər çökmüşdü. O gedəndən yığılmamış, qırış-qırış olmuş, çarpayının bir tərəfinə sərilmiş tərsinə çevrili paltarlarına baxdı. Dolabın açıq qapısının üstünə atılmış əynindən çıxardığı köynəyin hər tikəsinə hopan arvadının qoxusu burnunun ucunu göynətdi. Yaxınlaşıb bir az da üzünə yaxın tutdu. Başı gicəllənirdi elə bil. Dizləri sözünə qulaq asmadı. Özündən ixtiyarsız çökdü çarpayının bir küncünə. Kürəklərindən daş asılmışdı. Ağrıyırdı. Bu ağır yükü daşıya bilmirdi. Və bilirdi ki, onsuz olmayacaq. Darıxacaqdı... Bu həsrət ona yaşamağa imkan verməyəcəkdi. Hər dəqiqə yoxluğu hiss olunacaqdı. Bu dağınıq otağın hər küncü, hər bucağı onu xatırladırdı. Əli-qolu da qalxmırdı ki, durub onun tör-töküntülərini yığışdırsın. Heç olmasa gözünə girməsin bu əşyalar – Onunkular, Ona məxsuslar.
Başını aşağı saldı. Dizlərini dirsəklərinə dəstək edib, əllərinin içində gizlətdi qafasını. Yumdu gözlərini. Arvadının səsi gəldi qulaqlarına. O günü o hirsli qadının əsəbindən titrəyən dodaqlarından çıxan hər söz qulaqlarını didirdi. Beyninə çırpılırdı bir-bir. Hirsindən boğulan, əlacsızlığından ağlayan gözəl, şirin, yaraşıqlı arvadının hıçqırıqları düşdü yadına. Ürəyində özünü söyməyə başladı. Tüstü boğazında ilişdi. Utanırdı o hıçqırıq səslərindən... o dolmuş baxışların küskünlüyündən... yanaqlarından süzülüb dodaqlarını isladan yaş damlalardan... bir də içini çəkə-çəkə qismətinə üsyan edən bu sevdalı varlığın arxasını divara söykəyərək qalxıb-enən çiyinlərindən...
Başını qaldırdı. O lənətə gəlmiş gün əlləri əsə-əsə açarkən qulpunu sındırdığı siyirtməylə üz-üzə oturmuşdu. İçəridən arvadının bir-iki dəst alt paltarı görünürdü. Paltarlar danışırdı. Hər şey ona axmaqlığını anladırdı. Və bilirdi ki, bu axmaqlıq ona çox baha başa gələcək. Və bilirdi ki, ondan hələlik qalmış bütün bunlar – geyilmiş, ya da təmiz, üst-üstə yığılmış paltarları, gələndə özü ilə gətirdiyi bu əşyalar, qapının ağzında hərəsi bir tərəfə səpələnmiş ayaqqabılar, bu kitablar, bu yazılar və bu səsini qəlbinin səsinə qatdığı, ən xoşbəxt, ya da ən kədərli anlarında dindirdiyi bu alət bir neçə gündən sonra daha bu otağı bəzəməyəcək. Çünki bu evin Ən gözəl bəzəyi tərk etmişdi onu. Daha heç nə əvvəlki kimi görünməyəcək. Hirsi soyuyanda da hisslərinin nifrətə çevriləcəyindən qorxurdu. Sonra bu ev boşalacaq, sonra onun qəlbi boşalacaq, sonra ən son təsəllisi – bu nifrət də tərk edəcəkdi arvadının ürəyini. Və sonra zaman yenə dərman olacaqdı. Hər şey keçib gedəcək, unudulacaqdı. Amma dəmiri isti-isti döymək lazım idi.
Axır ki ağlına batan bir şey oldu. Bayaqdan bəri təsəllisiz, bu boyda evdə özünə yer tapa bilməyən, büzüşüb heçə dönmüş vücudu titrədi birdən. Ayağa qalxdı. Tələsik açarları götürüb qapını çırpdı. Endikcə çoxalır, artırdı pillələr. Yolları dartıb uzadırdılar. Saatın əqrəblərini tutmuşdular.
Amma o qorxmurdu. Təpədən dırnağa kimi hisslərinə bürünmüşdü. Həsrəti ayaqlarına güc verirdi. Nə böyük inam, nə böyük ümid bəxş edirdi ona bu sevdası. İnanırdı.... İnanırdı ki, onu hardasa, kimsə gözləyir. Kimsə qırıq-qırıq ürək çırpıntılarıyla çalınacaq qapı zəngini gözləyir. Kimsə sevimli arvadından ayrı qala bilməyən, günahından utanan, qapısına dizi üstə əfv diləməyə gələn ərini gözləyir. Hiss edirdi yaşamaq, yaşatmaq zamanı çatıb...
Kim deyib ki, qadınlar HƏR ZAMAN inamı doğruldan AXMAQLARDIR?!
20.08.2005 (Buzovna)

Yüz faiz qadın

Mən ömrümdə belə diksinməmişdim. Üzümə taleyin qəfil zərbələri kimi şillə vursaydılar, inandırım, bir bu qədər şoka düşməzdim. Aman Allah! Anam qadın imiş!
Söhbətin nədən getdiyini deməmişəm, amma görürəm ki, artıq təəccübdən gözləriniz şişir, böyüyür və özüylə yanaşı sətirləri, hərfləri də böyüdür. Burda inanılmaz heç nə yoxdu. Bir dəqiqəlik gözlərinizi yumun və qurumuş mat-qutunuzu kiridin. Çünki əvvəl-axır başa düşməlisiz ki, adamın ağlına gəlməyən şeylər lap belə başının tən ortasına da düşə bilər. Elə mən də sizin kimi...
Yavaş-yavaş anamın cinsinə şübhə ilə yanaşırdım. Heç baş aça bilmirdim məni dünyaya gətirən bu adamdan. «Nə qadın kimi qadın, nə də kişi kimi kişidir» - deyə, vaxt tapan kimi fikirləşməyə başlayırdım. Bütün günü ev işləriylə məşğul olur, silir, süpürür, dadlı yeməklər bişirir, hərdən zövqlə bəzənib, harasa gedir, daha nə deyim, bütün evdar xanımlar kimi ev işlərinin öhdəsindən birə-beş gəlir. Amma elə ki axşam düşür, şər qarışır, yatmaq vaxtı gəlir, onda da mənə yalvarır – gəl mənimlə yat. Mən də keyfimin kəllə-çarxa çıxdığı vaxtlarda gedib qucağına girirəm, sifətimin itdən zərrə qədər fərqi olmadığı zamanlardasa, elə öz dar, narahat divanıma sığınıb yatıram. Ağlım işləyəndən-işləyənə də "əgər anam qadındırsa , niyə atamla yatmaq istəmir" - deyə hey götür-qoy edirəm.
Allahdan gizli deyil, sizdən nə gizlədim - əlimizin aşağı olan vaxtı da olur. Bir parça çörək tapıb yeyir, göydəkinə şükür edirik. Amma belə günlərdə anam əli ətəyindən uzun gəzməz. Qeyrət boğur onu, hər biri mən boyda olan addımlar atır. Fəhlə olub daş da daşıyır, zibilli şəhərin küçələrini də süpürür, arada qul bazarında yük daşıdığı da olur. Kişi xeylağı deyilən Allah bəndəsinin edə biləcəyi və bilməyəcəyi hər işin qulpundan yapışa bilir. Onda da başıma nəsə düşür, beynimdə nəsə qıcıqlanır və mən yenə də düşünməyə başlayıram: «Eee, kişidir, yoxsa..."
Bir-bir yadıma salıram bu arvadın elədiklərini. Bacarır! Adamın Allahı var - kişi işini də görür, qadın işini də. Gəl gör ki, çaş-baş qalıb beynim yatana qədər bu boş başımla elə hey fikirləşirəm, ortalığa bir zəhrimar çıxara bilmirəm – anam kişidir, ya arvad?..
Qadın kimi kişiyə tamah göstərməyən anam heç kişiləşib qadınlığını itirən yol arvadlarına da oxşamır. Danışanda da deməzsən ki, blotnoydur. Belə də... Hərdən kimisə neprav çıxartdığı da olur. Yenə də hissdən-ehtirasdan bir zad ona yaxın gəlmir ki, gəlmir.
Nəhayət! Uzun sözün qısası. Bu gün əməlli-başlı diksinmişəm. Sən demə, anam qadın imiş. Qadınlıq deyilən nəsə gizlənibmiş bədəninin harasındasa.
Burasını qulağınıza pıçıldayıram. Atamın qadını varmış. Başqa yerdə, başqa qadın. Özü də elə-belə yox e, dəridən-qabığdan çıxırmış onunçun. Olan-qalan qəpik-quruşunu da xəsislik-məsislik eləmədən xərcləyirmiş o qancığa.
Günün ortası olardı ki, bir hovur uzanıb dincimi almaq istədim. Sözün düzü, gecə atamın evə gəlmədiyindən nigaran qalıb narahat gecələmişdim. Elə uzandım ki bir balaca gözümün acısını alım, bir də gördüm həngamə, nə həngamə.
Anam atamı döyür!
Nə yemisən, turşulu aş. Vur ki, vurasan. Kişi də üzünə, başına dəyən şapalaqlara ağlamaq yerinə hırıldayır.
Ağzımda bir parça dilim vardısa, onu da udub mat-məəttəl oturub tamaşa edirdim. Anam bir coşmuşdu, gəl görəsən. Belə dişinin dibindən çıxanı tullayırdı kişinin sir-sifətinə. Əlinə keçən-keçməyən nə varsa, çırpırdı kişinin üst-başına.
Nə uzadım?! Yəqin ki, bizim evin günün orta çağı bu yarıağlamalı, yarıgülməli halını siz də təxmin elədiniz.
Bir az sonra su səpilmiş ocaq kimi divanın bir küncünə qısılan anam səssiz-səmirsiz ağlayırdı ki, atam geyinib-keçinib, siqaretini də cibinə qoyub, çıxıb getdi.
Gərək ki, bunu əvvəldə də demişəm - bir parça dilim vardı, onu da itirdim. Bir Allah bəndəsinə danışa bilmədim deyə, sizə yazdım.
Siz Allah, heç kəsə danışmayın. Evimizin söhbətini nöş bilsinlər axı. Xalxdan əyibdi ye...
19 aprel 2006