6.23.2007

Mən sənsiz qala bilmirəm


Bir neçə gün bundan qabaq çılğın bağırtıları ilə üsyan eləyib evini – onu tərk etmiş arvadı düşmüşdü yadına yenə. Əlindəki qəlyanı dodaqlarına yaxınlaşdırıb içinə çəkdi. Üfürdüyü tüstüyə diqqətlə baxdı. Sözünü xatırladı. Elə həmin gün kiməsə demişdi “Tüstüm başımdan çıxdı”. Özlüyündə ona haqq qazandırsa da, durub nömrələri yığıb “Bağışla, sən haqlı imişsən. Xahiş edirəm, evə gəl” deyə bilmədi. Niyəsini anlamasa da, təbiəti beləydi. Əyilmək saymasa da, utanırdı. Hansı üzlə, nə üzlə “evə gəl” deyəcəkdi ki. O da o tərəfdən sadalayacaqdı: “Filan vaxt belə oldu, filan vaxt belə elədin...”. Allah bilir, daha nələr. Özü də bilirdi hamısını düz deyəcəkdi. Həm də bu, neçənci səfər idi. O da qayıtmayacaqdı. İnanmayacaqdı bir də. Hər dəfə belə deyirdi. Hər dəfəsində eyni şey – “İstəyirəm evə gələsən”, “İstəyirəm burda olasan”...
Usanmış arvadının küskün baxışları yadına düşdü. Qalxıb otağın bir küncündə dolabın üstündə dimdik duran şəklə baxdı. Gülürdü... Darıxdı birdən-birə. Əlinə götürdü şəkli. Baxdı... Yenidən əvvəlki yerinə qoydu. Bu dəfə üzüqoyulu. Köksünü ötürüb mətbəxə keçdi. Belə vaxtlarda tünd çay karına az gəlməmişdi. Çaydanı qazın üstünə qoyub qalaq-qalaq, üst-üstə yığılmış bulaşıq qablara baxdı. Çaydan ləkə tutmuş fincanına nəzər salıb yenə arvadını xatırladı. Ağ, balaca, dolu əlləri gəldi gözünün qabağına. Elə bil, indi hiss elədi onunçun darıxdığını. Daha çay da istəmədi. Həvəsdən düşdü. Qazı keçirib yenə qəlyanını əlinə aldı. Bir-iki dəfə də içinə çəkdikdən sonra gördü ki, boğulur, nəfəsi kəsilməyə başlayır. Qapısı aralı qalmış yataq otağına gözü sataşdı. Ayağının ucuyla itələyib qapını açdı. Hər şeyi diqqətlə gözdən keçirdi. Otağa kədər çökmüşdü. O gedəndən yığılmamış, qırış-qırış olmuş, çarpayının bir tərəfinə sərilmiş tərsinə çevrili paltarlarına baxdı. Dolabın açıq qapısının üstünə atılmış əynindən çıxardığı köynəyin hər tikəsinə hopan arvadının qoxusu burnunun ucunu göynətdi. Yaxınlaşıb bir az da üzünə yaxın tutdu. Başı gicəllənirdi elə bil. Dizləri sözünə qulaq asmadı. Özündən ixtiyarsız çökdü çarpayının bir küncünə. Kürəklərindən daş asılmışdı. Ağrıyırdı. Bu ağır yükü daşıya bilmirdi. Və bilirdi ki, onsuz olmayacaq. Darıxacaqdı... Bu həsrət ona yaşamağa imkan verməyəcəkdi. Hər dəqiqə yoxluğu hiss olunacaqdı. Bu dağınıq otağın hər küncü, hər bucağı onu xatırladırdı. Əli-qolu da qalxmırdı ki, durub onun tör-töküntülərini yığışdırsın. Heç olmasa gözünə girməsin bu əşyalar – Onunkular, Ona məxsuslar.
Başını aşağı saldı. Dizlərini dirsəklərinə dəstək edib, əllərinin içində gizlətdi qafasını. Yumdu gözlərini. Arvadının səsi gəldi qulaqlarına. O günü o hirsli qadının əsəbindən titrəyən dodaqlarından çıxan hər söz qulaqlarını didirdi. Beyninə çırpılırdı bir-bir. Hirsindən boğulan, əlacsızlığından ağlayan gözəl, şirin, yaraşıqlı arvadının hıçqırıqları düşdü yadına. Ürəyində özünü söyməyə başladı. Tüstü boğazında ilişdi. Utanırdı o hıçqırıq səslərindən... o dolmuş baxışların küskünlüyündən... yanaqlarından süzülüb dodaqlarını isladan yaş damlalardan... bir də içini çəkə-çəkə qismətinə üsyan edən bu sevdalı varlığın arxasını divara söykəyərək qalxıb-enən çiyinlərindən...
Başını qaldırdı. O lənətə gəlmiş gün əlləri əsə-əsə açarkən qulpunu sındırdığı siyirtməylə üz-üzə oturmuşdu. İçəridən arvadının bir-iki dəst alt paltarı görünürdü. Paltarlar danışırdı. Hər şey ona axmaqlığını anladırdı. Və bilirdi ki, bu axmaqlıq ona çox baha başa gələcək. Və bilirdi ki, ondan hələlik qalmış bütün bunlar – geyilmiş, ya da təmiz, üst-üstə yığılmış paltarları, gələndə özü ilə gətirdiyi bu əşyalar, qapının ağzında hərəsi bir tərəfə səpələnmiş ayaqqabılar, bu kitablar, bu yazılar və bu səsini qəlbinin səsinə qatdığı, ən xoşbəxt, ya da ən kədərli anlarında dindirdiyi bu alət bir neçə gündən sonra daha bu otağı bəzəməyəcək. Çünki bu evin Ən gözəl bəzəyi tərk etmişdi onu. Daha heç nə əvvəlki kimi görünməyəcək. Hirsi soyuyanda da hisslərinin nifrətə çevriləcəyindən qorxurdu. Sonra bu ev boşalacaq, sonra onun qəlbi boşalacaq, sonra ən son təsəllisi – bu nifrət də tərk edəcəkdi arvadının ürəyini. Və sonra zaman yenə dərman olacaqdı. Hər şey keçib gedəcək, unudulacaqdı. Amma dəmiri isti-isti döymək lazım idi.
Axır ki ağlına batan bir şey oldu. Bayaqdan bəri təsəllisiz, bu boyda evdə özünə yer tapa bilməyən, büzüşüb heçə dönmüş vücudu titrədi birdən. Ayağa qalxdı. Tələsik açarları götürüb qapını çırpdı. Endikcə çoxalır, artırdı pillələr. Yolları dartıb uzadırdılar. Saatın əqrəblərini tutmuşdular.
Amma o qorxmurdu. Təpədən dırnağa kimi hisslərinə bürünmüşdü. Həsrəti ayaqlarına güc verirdi. Nə böyük inam, nə böyük ümid bəxş edirdi ona bu sevdası. İnanırdı.... İnanırdı ki, onu hardasa, kimsə gözləyir. Kimsə qırıq-qırıq ürək çırpıntılarıyla çalınacaq qapı zəngini gözləyir. Kimsə sevimli arvadından ayrı qala bilməyən, günahından utanan, qapısına dizi üstə əfv diləməyə gələn ərini gözləyir. Hiss edirdi yaşamaq, yaşatmaq zamanı çatıb...
Kim deyib ki, qadınlar HƏR ZAMAN inamı doğruldan AXMAQLARDIR?!
20.08.2005 (Buzovna)

Hiç yorum yok: